QİÇS daşıyıcısı: Pul gəldi-gedərdi, sağlamlığınızın qədrini bilin – VİDEO

Statistikaya əsasən, ötən il Azərbaycanda 92 nəfər QİÇS virusundan həyatını itirib. Ümumilikdə isə QİÇS-dən ölənlərin sayı 969 nəfərə çatıb.

Bəşəriyyəti narahat edən bu bəla artıq 22 ildir ölkəmizdə də yayılıb. O vaxtdan indiyədək bu sağalmaz xəstəliyə 6193 nəfər yoluxub. Ötən il isə 656 nəfərdə immun çatışmazlığı virusu aşkarlanıb.

Doğrudur, aparılmış maarifləndirmə, profilaktik tədbirlər nəticəsində son illər virusa yoluxanların sayında azalma müşahidə olunur. Xüsusilə nikahdan əvvəl aparılan müayinələr öz müsbət nəticəsini göstərir. Bununla belə, bu xəstəliyin əhatə dairəsi xeyli genişlənib.

Cənub bölgəsi ilə yanaşı, Aran bölgəsində də immun çatışmazlığı virusuna yoluxanlar az deyil. Məsələn, Salyanda 58 nəfər bu virusun daşıyıcısıdır.

Adı gizli saxlanılan müsahibimiz 19 ildir ki, immun çatışmazlığı sindromuna qarşı mübarizə aparır.

O, sağlamlığını itirdiyinə görə peşmandır:

“Bu virusa yoluxan ətrafımdakı insanların bir çoxu indi həyatda deyil. Vaxtında müayinə və müalicə olunsaydılar, bəlkə də yaşayar, həyatdan nakam köçməzdilər.

Çox peşman oldum, çox şey itirdim həyatda. Sağlamlığımı itirdim, həyatımı itirdim. Gənclərdən xahiş edirəm ki, belə şeylərdən uzaq olsunlar. Pul gəldi-gedərdi. Sağlamlığın qədrini bilmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir