Qo Min: Ümidvaram ki…

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi ilk səfərimi Naxçıvana etdim və qədim diyarla tanışlıq məndə böyük təəssürat yaratdı.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min deyib.

“Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdik, Heydər Əliyev Muzeyindəki eksponatlarla tanışlığımız maraqlı oldu, dahi şəxsiyyət haqqında müfəssəl məlumat aldım” – deyən səfir vurğulayıb ki, Çin və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin təməli Ulu Öndər tərəfindən qoyulub, səmimi münasibətlərin qurulmasında görkəmli dövlət xadiminin müstəsna xidmətləri olub.

Səfir deyib: “Naxçıvanda olduğum müddətdə buranın tarixi, mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış oldum. Düşünürəm ki, Naxçıvan müqəddəs, ecazkar bir yerdir, dahilər diyarıdır. İkigünlük səfər müddətində yüksəksəviyyəli görüşlər keçirdim, qarşılıqlı əlaqələrin inkişafına dair müzakirələr apardıq. Hazırda bir neçə Çin şirkəti Naxçıvanla əməkdaşlıq əlaqələri qurub. Bunlardan “Huawei” və “Chongqing Lifan İndustry” şirkətlərini göstərmək olar. “Huawei” hələ yenicə fəaliyyətə başladığı dövrlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən bu şirkətə etimad göstərildiyi üçün muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

Naxçıvan Avtomobil Zavodunda olarkən burada müxtəlif “Lifan” avtomobil modellərinin yığıldığını və bunların sayının daha da artacağı barədə ətraflı məlumat aldığını qeyd edən diplomat bildirib ki, Naxçıvanda əlverişli biznes mühiti var. O, gələcəkdə digər Çin şirkətlərinin də burada investisiya layihələri həyata keçirəcəyinə ümidvar olduğunu vurğulayıb.

“Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşümüz isə maraqlı müzakirələrlə yadda qaldı. Bizim təhsil, mədəniyyət, turizm, ticarət və iqtisadi sahələrdə yaxşı əlaqələrimiz var və bu əlaqələrin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”, – deyə səfir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir