Sahibə Qafarova: Ermənistan regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur

“Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Nikol Paşinyanın məlum bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar müharibəyə təhrikdir. Nikol Paşinyan bu təxribatçı və destruktiv açıqlamalarla regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur. O, diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün vəziyyəti qəsdən gərginləşdirir”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il müddətində heç bir ciddi iş görə bilmədiyi üçün erməni cəmiyyətini “xarici düşmən təhlükəsi” ətrafında birləşdirməyə çalışır. Dağlıq Qarabağ probleminə görə çıxılmaz vəziyyətə düşmüş N.Paşinyan Ermənistanda çürük və yalanlarla dolu anti-Azərbaycan təbliğat maşınını gücləndirmək istəyir.

Deputat qeyd edib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmalıdır: “Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həllindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Paşinyanın bu açıqlamaları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bunun cavabı da sözügedən qurum və ölkələr tərəfindən verilməlidir”.

S.Qafarova deyib ki, Ermənistanın həm siyasi, həm də hərbi müstəvidə həyata keçirmək istədiyi bütün təxribatların qarşısı kəskin şəkildə alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir