Sahibkarları incidənlərə qarşı ciddi tədbirlər görüləcək

Son illər demək olar ki, bütün sahələrdə irimiqyaslı islahatların uğurla reallaşdırılması üçün davamlı institusional və praktik tədbirlər görülür. Məhz islahatların davamlı və səmərəli olması üçün möhkəm hüquqi baza yaradılıb.

Aparılan islahatların tərkib hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının  sürətləndirilməsi üçün geniş həcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda Fərman və sərəncamlar imzalanıb, Dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Görülən işlərin nəticəsidir ki, nüfuzlu beynəlxalq qurumlar ölkəmizdə demokratiyanın inkişafı, sabitlik, qanunun aliliyinin, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlılığı, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq islahatları, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, azad rəqabət üçün əlverişli şərait yaradılması, gömrük və vergi xidməti işinin yaxşılaşdırılması, iqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması, qeyri-neft sektorunun inkişafı, təhsil və kadr hazırlığı, turizm, loqistika, nəqliyyat və sair sahələrdə Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirirlər.

Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına təkan verib.

Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində dünyada baş verən qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirib, iqtisadi artımın davamlılığı təmin edilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkşafının sürətləndirilməsi, sahibkarlığı inkişaf etdirmək və ona dövlət dəstəyini gücləndirmək, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaratmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən olmuşdur. Cari ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorunda 3,5 faiz, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb.

Bu günlərdə ölkə başçısı hökumətdə etdiyi kadr dəyişiklikləri ilə əlaqədar qəbul etdiyi şəxslərlə söhbət zamanı qeyd etdi ki, qeyri-neft sektoru bu gün ölkə iqtisadiyyatının hələlik lokomotivi deyil. Bunu ixracın strukturu da sübut edir.

Dövlətimizin başçısı xüsusilə qeyd etdi ki, ölkədə inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalı, kölgə iqtisadiyyatı aradan qaldırılmalıdır. “Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”- deyə dövlət başçısı bildirib.

Ölkə başçısı qeyd edib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxır. Bu faktlar üzə çıxanda mövqeyindən və vəzifəsindən asılı olmayaraq günahkarlar cəzalandırılmalıdır.

Əslində Prezident İlham Əliyevin bu problemlə bağlı açıqlaması öz vəzifəsindən sui-istifadə edən, qanunu pozan məmurlara son xəbərdarlıq mesajıdır: “Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

Ölkəmizin başçısı  yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən birmənalı və qəti olaraq bildirdi ki, sahibkarlar incidilməməli, əksinə onlara öz işlərini  qurmaq üçün hər cür dəstək verilməlidir: “Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Zahid Rza, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir