Saxta attestat verilməsi mümkündürmü? – VİDEO

Bir müddətdir ölkədə məktəb direktorlarının şagirdlərə saxta attestatlar verməsi ilə bağlı söhbətlər gəzir.

Mələsənin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Təhsil eksperti Kamran Əsədov iddia edir ki, bəzi məktəb direktorları şagirdlərə saxta attestatlar verib.

Kamran Əsədov – Təhsil Eksperti: “Məktəb direktorları onlara verilmiş attestatları pul müqabilində və yaxud da digər həvəsləndirici nələrinsə qarşılığında satırdılar. Əvvəllər çox ciddi şəkildə saxta attestatlar kütləvi hal almışdı. Bəziləri 9-cu sinifi başa vururdu, 11-ci sinifi oxumurdu, amma bəzi məktəb direktorları ona 11-ci sinifin attestatını verirdilər, çünki bunun yoxlanma mexanizmi yox idi”.

Sakin: “O attestatı verəni ayaqlarından asmaq lazımdır”.

Sakin: “Düz deyil. Camaat əziyyət çəkir oxuyur attestat alır bunlar evdə oturub attestat alır”.

Sakin: “Camaatı bədbəxt eliyir. Həqiqi attestat lazımdır, oxumamış pulla verilən attestat isə tulla getsin”.

Sakin: “Təbii ki, bərbad bir şeydir. Ümumiyyətlə rüşvətin hər cürəsi mənim fikrimcə bərbaddır”.

Sakin: “Məsələn,11 il oxumuşam indi universitetə qəbul olunmuşam. Mən 4 il oxuyacam və sonra başqası da xaricdən, türkiyədən qiyabi oxuyacaq gələcək. Məndən yaxşı yerdə işləyəncək, bəs onda mən niyə oxumuşam?! ”

Ekspert bildirir ki, belə saxta attestatlar ölkə daxilində işə yaramadığından onu alanlar təhsili xaricdə davam etdiriblər.

Kamran Əsədov – Təhsil Eksperti: “Azərbaycanda saxta attestatlar almış şəxslərin təhsillərini davam etdirməsi üçün elektron bazada bu məlumat olmalıdır. Yəni şagird məzun sistemində onlar haqqında məlumat olmadığı üçün həmin şəxslər Azərbaycanda təhsillərini davam etdirmirdilər, amma Türkiyədə, Rusiyada, Dərbənddə, Qazaxıstanda, Ukraynda ali təhsil alırdılar və qayıdıb Azərbaycana gələndən sonra diplomları təsdiqlənirdi”.

Amma Azərbaycan elektron məlumat bazası qurulduğundan saxta attestatla təhsili davam etdirmək mümkün deyil.

Elşən Qafarov – Təhsil Eksperti: “Bu məsələ Nazirlər Kabinetinin 24 noyabr, 2014-ci il tarixli, 479 №-li qərarı ilə təhsil islahatlarının bir bölümü olaraq tənzimlənir . Xüsusilə də bu sahədə sistem elə qurulub ki, hansısa attestat və ya dövlət nömrəli sənədin saxta yolla verilməsi və yaxud da satılmasının mümkünü yoxdur”.

Məlum məsələ ilə bağlı Təhsil Nazirli ilə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, təhsil alanların yekun attestasiyası və qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Ümumi orta və tam orta təhsil haqqında attestata yazılan yekun qiymətlər DİM tərəfindən yerli təhsili idarəetmə orqanlarına göndərilir. Bu səbəbdən də məktəb direktorlarının şagirdlərə saxta attestat verməsi qeyri-mümkündür və indiyədək bu məsələ ilə bağlı Nazirliyə heç bir məlumat daxil olmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir