SOCAR AQŞ “Qərbi Abşeron” yatağında qazma layihələrini uğurla həyata keçirir

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ bu günlərdə “Qərbi Abşeron” yatağı 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 815 metr olan 65 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisə, eyni zamanda 10 saylı özüldən layihə dərinliyi 780 metr olan 18 nömrəli quyuda qazma işlərinə start verib. 18 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.

Qeyd edək ki, müəssisə 10 saylı stasionar dəniz özülündə yeni nəsil qazma avadanlığı olan “Drilmec HH 300” vasitəsilə quyuların qazılmasını həyata keçirir.

Dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir