Sosial siyasət: vətəndaşlara diqqətin və iqtisadi uğurların vəhdəti

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Bununla belə, bu daha çox dövlətin iqtisadi imkanlarına  bağlı məsələ olduğundan onu həyata keçirmək o qədər də asan deyil. Lakin əgər söhbət Azərbaycandan gedirsə, cari ilin birinci yarısında ölkədə baş verən müsbət dəyişikliklər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin seçkiöncəsi islahatlar proqramı öz bəhrəsini verməkdədir. Belə ki, cari ilin 6 ayının yekununa görə, ölkədə inflyasiya göstəricisi 2,5 faiz olduğu  halda, bu dövrdə əhalinin gəlirləri bundan 2,6 dəfədən də çox- 6,6 faiz artıb. Söhbət həm də ondan gedir ki, bu islahatlar sistemli və ardıcıl olmaqla daha çox inqilabi xarakter daşıyır.

Nəticə etibarilə bu ilin birinci yarısında iki böyük sosial islahat paketi qəbul edildi. Bu sosial islahat paketləri – birinci paket 3 milyon əhalini əhatə edib və ümumi illik maliyyə tələbi də kifayət qədər böyük – 1,6 milyard manata bərabərdir. Lakin bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçıların, həm də işləyən vətəndaşların əməkhaqları artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib ki,    ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan ibarət əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.

Bununla da ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün 3 milyard manat olmaqla, 4,2 milyon insanı əhatə edəcək. Bu isə onu deməyə əsas verir ki, minimum əməkhaqqında demək olar ki, iki dəfə, minimum pensiyada isə 72 faizlik artım nəticəsində Azərbaycan bu göstəricilərdə MDB məkanında alıcılıq qabiliyyəti üzrə müvafiq olaraq ikinci və birinci olacaq.

Bundan əlavə, müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib ki, bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclərdir. Bu isə bir daha onu nümayiş etdirir ki, ölkədə həyata keçirilən islahatlar  əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri əhəmiyyətli şəkildə artırılıb.

Eyni zamanda, bu il üçün İşsizlikdən Sığorta Fondunun hesabına 10 min ailənin özünüməşğulluq proqramı ilə əhatə edilməsi planlaşdırılır. Ötən il isə bu proqram 6 min ailəni əhatə edib və onlar mikro və kiçik biznesə başlamaları üçün aktivlərlə təmin edilib. Lakin cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciətin olması  bu proqrama əhali arasında marağın daha böyük olmasından xəbər verir.

Nazir S.Babayevin sözlərinə görə, özünüməşğulluq proqramına böyük marağı nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Eyni zamanda, BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub və 1000 nəfərə yaxın ailə məhz bu proqram tərəfindən təmin ediləcək.

Cari ilin birinci yarısında ölkədə əhalinin rifahının artırılması istiqamətində görülən işlər təkcə sosial paketlərlə yekunlaşmayıb. Bu barədə bəhs etdikdə, birinci növbədə onu vurğulamaq lazımdır ki, bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülüb, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq.

Prezident İlham Əliyev hələ cari ilin fevral ayında “Real” televiziyasına müsahibəsində bildirmişdi ki,  2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır: “Yəni bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır”.

Ölkə başçısının sözügedən müşavirədəki söylədikləri bu fikri tamamlamaqla, cari ildə həyata keçirilən siyasətin mahiyyətinə bir daha aydınlıq gətirir: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik… Bu il reallaşan layihələr – milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik”.

Doğrudur, müxtəlif sahələrdə aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində həyata keçirilən şəffaflıq siyasəti ölkə iqtisadiyyatında leqallaşdırma tədbirlərini aktual edib ki, bu da dövlət büdcəsinin gəlirlərində özünü büruzə verməkdədir. Nəticədə bu ilin birinci yarısında vergi və gömrük orqanları plandan əlavə 440 milyon manatdan çox vəsait toplayıblar ki, bu da  dövlət büdcəsinə daxilolmaların artması deməkdir. Bundan başqa, dünya birjalarında neftin qiymətinin əhəmiyyətli səviyyədə artması da Azərbaycanın gəlirlərinə öz təsirini göstərib. Halbuki maliyyə resurslarını müxtəlif istiqamətlərə, o cümlədən ehtiyatların artırılmasına və digər məqsədlərin icrasına da yönəltmək mümkün idi. Lakin göründüyü kimi, sosial sahə dövlət siyasətinin gündəliyindəki ən vacib məsələlərdən biri olmaqla, həmçinin davamlıdır. Bir sözlə, bu, ilk növbədə dövlətimizin başçısının, Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının, eyni zamanda, iqtisadi uğurların sosial sahədəki təzahürüdür.

Ceyhun Piriyev, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir