“SpaceX” kompaniyası kosmosa 60 “Starlink” peyki çıxarıb

“SpaceX” kompaniyası “Falcon 9” daşıyıcı raketi vasitəsilə kosmosa 60 “Starlink” mikropeykinin çıxarıldığı barədə məlumat yayıb.

Bu barədə müvafiq bəyanat “SpaceX” kompaniyasının “Twitter” səhifəsində dərc olunub.

“Falcon 9” raketi yanvarın 6-da ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:19-da ABŞ Hərbi Hava Qüvvələrinin Floridada yerləşən Kanaveral burnundakı bazasından start götürüb. İnternetə yüksək sürətli giriş əldə etmək üçün nəzərdə tutulan peyklər 290 kilometr hündürlükdə yerləşdiriləcək.

Qeyd edək ki, “SpaceX” kompaniyası Yer kürəsi sakinlərinin geniş zolaqlı internetə girişini təmin etməyə imkan verəcək geniş miqyaslı şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollara bərabərdir.

“SpaceX” qlobal internet örtüyünün təmin olunması üçün orbitdə iri peyk qruplaşmasının qurulmasına çalışan kompaniyalardan biridir. Həmin kompaniyalar arasında “OneWeb”, “Telesat”, “LeoSat” və “Amazon” da var. “OneWeb” ötən ilin fevral ayında öz sistemi ilə təchiz olunan ilk altı peyki orbitə çıxarmışdı. //AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir