Tədqiqatçı məktəblilər müəyyənləşdiriləcək

Paytaxtın ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

BŞTİ-dən bildirilib ki, II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqə hər məktəbdən 5 nəfər olmaqla komanda şəklində keçiriləcək. Komandalar onlara təqdim olunan mövzular (sağlam həyat-xoşbəxt həyat, təmiz ətraf mühit, bitkilər həyat mənbəyidir, məktəbimin təbiəti, sağlam qidalanma, fövqəladə hadisələr zamanı davranış qaydaları, məktəbdə ən çox sevdiyim guşə, yol hərəkəti qaydaları və mən, texnoloji yeniliklər, bayramlar və tarixi günlər, mədəni irsimiz) üzrə araşdırma aparacaq.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 3 mərhələdən ibarətdir.

Müsabiqənin I (məktəbdaxili) mərhələsi (26 noyabr-2 dekabr) məktəblərdə keçiriləcək və komandalar onlara təqdim olunmuş mövzulardan birini seçməklə tədqiqat aparacaq. Hər məktəbdən bir qalib komanda seçilərək müsabiqənin rayon mərhələsində (11-13 dekabr) iştirak etmək hüququ qazanacaq. Rayon mərhələsində komandaların tədqiqat işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

İkinci mərhələnin nəticələrinə əsasən seçilmiş komandaların tədqiqat işləri müsabiqənin şəhər mərhələsində (18-20 dekabr) dinləniləcək və 6 məktəbin komandası qalib olaraq müəyyənləşdiriləcək.

Sonda qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin bütün iştirakçı komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir