Tərtər enegetiklərini iki növbədə işlədib, birinin pulunu verirlər

Tərtər Elektrik Şəbəkəsinin bir qrup işçisi çox işləyib , az əmək haqqı almalarından şikayətləniblər. Onlar 2015-ci ilə qədər 4 yarımstansiyanın hər birində 4 işçinin işlədiyini bildiriblər.4 il əvvəl Elektrik şəbəkədə ixtisar adı altında hər yarımstansiyadan 2 nəfər işdən azad edilib. Qalan iki nəfər 4 nəfərin işini görməyə başlayıb. 12 saatlıq iş rejimi sutkalıqla əvəz edilib. İndi bu adamlar 372 saat işləyib 192 saatın pulunu alırlar.

Müəssisədə çalışan işçilər o gündən bu günə üzləşdikləri qanunsuzluğu nə açıb, nə də büküblər. Danışmaq istəsələr də rəhbərlikdən onlara hədə qorxular gəliblər. Danışsan, işdən qovulacaqsan-deyib hədyanlar yağdırıblar. İşçilər isə qaş düzəltdikləri  yerdə, vurub  göz çıxarmaqdan qorxduqlarına görə susmağa məcbur olublar.

Tərtərli energetiklər bu gün üzləşdikləri haqsızlığın aradan qaldırılmasını istəyirlər. Onu da əlavə ediblər ki, işdən çıxarıldığı deyilən şəxslərin adı əmək haqqı cədvəlindədir. Onların adından əmək haqqı vəsaiti mənimsənilir. Şikayətlənən şəxslərdən biri əmək haqqı cədvəlini gördüyünü bildirib. Hətta həmin sənədin şəklini də çəkməyə nail olub.

Energetiklər bildiriblər ki, ağır və təhlükəli işdə çalışdıqlarına görə  onlara ayrılan iş vaxtı 12 saatı keçməməlidir. Xüsusi təhlükəli iş olduğuna görə sutkalıq iş rejimində çalışmaq isə əslində yolverilməz olmalıdır. Energetika müəssisəsinin qaydasına görə görünüşündə , yorğunluq, əhval-ruhiyyəsində gərginlik müşahidə edilən işçilər əslində işə buraxılmalı deyil. Yazılı qanun və qaydalara isə rəhbərlik əməl etmir. Yorğun və yuxulu işçiləri sutkalıq iş rejimində işləməyə məcbur edirlər.

Energetiklər həyatlarını təhlükəyə atıb, rəislərin tapşırığını can başla yerinə yetirirlər.Buna söz yox! Ancaq ki, əməklərinə qoyulan qiymət tərtərli energetikləri məyus edir. Onlar əziyyətlərinin müqabilində, heç olmazsa, məvaciblərini doğru düzgün almaq istəyirlər. İşlədikləri 372 saata uyğun əməkhaqqı almaq əslində elə onların öz haqqıdır.

Ümid edirik ki, məsələ “Azərişıq”ASC rəhbərinin nəzərinə çatınca lazımınca araşdırılıb,energetiklərin əməyinin müqabilində zəhmətlərinə həqiqi dəyər veriləcək. Tərtərli energetiklərin əməkhaqqı ədalətli olaraq , yenidən hesablanmaqla ödənilmiş olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir