Tofiq Yaqublunun həbsi barədə yeni rəsmi məlumat YAYILDI

2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Müsavat partiyasının üzvü Tofiq Yaqublu barəsində yaydığı birgə yeni məlumatında bildirilib.

Rəsmi məlumata görə, araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib.

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib.

Rəsmi məlumata görə, məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən E.Cəbrayılov və arvadı Cəvahir Cəbrayılovanın bədənləri üzərində hadisə zamanı yetirilməyə xarakterik olan xəsarətlər aşkar edilib.

“Toplanmış ilkin sübutların məcmusu T.Yaqublu tərəfindən cinayət törədilməsinə dəlalət etdiyindən  o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin əməllə bağlı ittiham elan edilmişdir. T.Yaqublunun iştirakı ilə aparılan prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin edilmişdir.

Təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə rayon prokuroru tərəfindən baxılarkən müqavilə əsasında dəvət edilmiş vəkili  Elçin Sadıqov və dövlət hesabına təyin edilmiş vəkili Elxan Aslanovun iştirakı təmin edilmiş, həmin vəsatət əsaslı hesab edilməklə Bakı şəhəri Nizami rayon məhkəməsinə təqdimat verilmişdir.

Məhkəmədə təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə onun hüquqlarını müdafiə edən vəkil E.Sadıqovun iştirakı ilə baxılmış və T.Yaqublu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”,- deyə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında qeyd edilib.

Tofiq Yaqublu və ailəsi isə ona qarşı açılan cinayət işini qəbul etmir və şər, böhtan atıldığını deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir