Tullantı suları Xəzərə axıdılmayacaq – FOTO

“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti quraşdırılıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tullantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir.

Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1 600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.

Boruların quraşdırılma işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilib.

Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90%-dən çoxu yerinə yetirilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır.

Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir