Viza haqqında nələri bilməliyik?

Son zamanlar viza verilməsindən imtina ilə bağlı halların tez-tez təkrarlanması insanlar arasında müəyyən  suallar yaranmasına səbəb olur. Bildiyimiz kimi, viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük  orqanları vasitəsilə ölkəsinə səyahət edəcək əcnəbi vətəndaşın xarici  pasportuna  edilən rəsmi qeyd və ya icazədir. Bu sənəd olmadan ölkədən-ölkəyə keçmək, dünya üzərində səyahət etmək mümkün deyil.

Miqrasiya və turizm üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, viza müraciətində ilk və ən əsas qayda müraciətin şəxsən edilməsidir: “ Müraciət edərkən sənədlərin tam olmasına diqqət edin. Saxtalaşdırılmış və ya saxta sənədlərlə müraciət etmək qanunlara görə cinayət hesab olunur.  Pasport saxta olmamalıdır. Təhrif edilmiş pasporta viza alsanız belə, sərhəddən geri qaytarılacaqsınız. Pasportunuzun etibarlılıq müddətinin müraciət tarixindən etibarən ən azı bir il olmasına diqqət etməlisiniz. Səyahətinizi həyata keçirə bilmək üçün yetərli maliyyə imkanlarına sahib olduğunuz sənədləşdirilməlidir. Müsahibə zamanı səlahiyyətli şəxsin suallarına düzgün cavab verməyiniz, onda haqqınızda müsbət təəssürat yaranması müraciətinizin qəbul edilmə şansını artırır.  Bu müsahibənin məqsədi isə  səyahət edəcəyiniz ölkənin müvafiq orqanlarının bu ölkəyə səyahət edəcək xarici vətandaşlar üçün təyin etdiyi şərtlərə uyğun olub-olmadığınızı anlamaqdır. Heç bir yerdə işləmirsinizsə və ya özünüzün və himayənizdə olan şəxslər varsa, həmin şəxslərin dolanışıqlarını təmin edə biləcəyiniz daimi və yetərli gəlir səviyyəsinə sahib deyilsinizsə, bütün bu sadalananlara görə viza almaq şansınız olduqca aşağıdır. Belə bir vəziyyətdə, viza üçün müraciət etməməyiniz daha məqsədəuyğundur.”

A.Allahverənov viza müraciətlərindən imtinanı dövlətin milli suverenlik səlahiyyəti olduğunu qeyd etdi: “Səyahət azadlığı əsas insan hüquqlarından biridir. Ancaq dövlətlərin ölkələrinə hansı xaricilərin gedəcəklərinə qərar vermək səlahiyyətləri beynəlxalq hüquq prinsipidir. Unudulmamalı bir məsələ də viza  müraciəti təsdiqlənmədiyi səyahət azadlığına dair məhdudiyyətin olmasıdır. Sizin, bir ölkəyə daxil ola bilməməyiniz səyahət azadlığınızın məhdudlaşması kimi görünsə də, dövlətlərin sizin ölkələrinə daxil olub-olmayacağınıza qərar vermək hüququ var. Dövlətlər ölkələrinə hansı xarici vətəndaşların gedə biləcəyini, öz milli mənfəətlərinə görə müəyyən edirlər. Hər dövlətin ölkələrinə girişinin qadağan etdiyi və ya təhlükəli hesab etdiyi ölkə siyahıları var. Eyni zamanda, qadağan olunanlar siyahısında mövcud olmayan bir xarici vətəndaşa,  maliyyə cəhətdən yük təşkil edəcəyi, ictimai asayişi poza biləcəyi və dövlət səhiyyə müəssisələrində risk yarada biləcəyi səbəblərinə görə də viza verilməməyi mümkündür. Beynəlxalq hüquqda dövlətlərin milli suverenlik səlahiyyətləri əsasdır. Milli suverenlik səlahiyyətləri arasında ölkələrinə hansı xaricilərin hansı şərtlərlə daxil olacağını təyin etmək də var. Dövlətin bu səlahiyyəti beynəlxalq hüquq cəhətdən danılmaz faktdır. Viza da bu suverenlik hüquqlarından biridir. Buna görə də müraciətinizin rədd edilmə ehtimalının olduğunu bilib tələbinizdən imtina etməklə həm vaxt, həm də pulunuza qənaət etmiş olacaqsınız. Çünki bəzi ölkələrin viza xərcləri ilə yanaşı, yüksək məbləğlərdə müraciət və ya prosedura xərclərini də alır. Bu şərtlər ölkələrdən asılı olaraq fərqlilik göstərir. Müvafiq nümayəndəlikdən bu haqda məlumat almağınızda fayda var. Viza müraciətinin rədd edilməsinə etiraz, ilk öncə vizanı rədd edən nümayəndəliyə yazılı şəkildə edilməlidir. İstənilən müsbət cavab alınmadığı təqdirdə, etiraz üçün məhkəməyə müraciət oluna bilər. Ancaq vizanın rəddi üçün müraciət olunacaq məhkəmələrin sayı məhduddur. Eyni zamanda, ümumillikdə uzun vaxt aparan məhkəmə prosedurasının sonunda, məhkəmənin dövlət əleyhinə nəticələnmə ehtimalı da olduqca zəifdir.”

Turizm üzrə mütəxəssis  Ülfanə Mahmudova isə bu məsələ ilə bağlı  mətbuata açıqlamasında bildirdi ki,  Asiya ölkələri, demək olar ki, viza verilməsinə imtina  etmirlər: “Çox nadir hallarda yalnız Birləşmiş Ərəb Əmirliklərinə viza alarkən imtina oluna bilər. Viza verilməsindən ən çox imtina edən ölkələr sırasında ilk yerləri ABŞ, Böyük Britaniya və Macarıstan tutur. ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrə səfər edərkən mütləq səyahət tarixçənizə nəzər yetiriləcək. Əgər siz bu günə kimi hər hansı bir Avropa ölkəsinə səfər etməmisinizsə və ilk səfərinizi ABŞ-a planşaldırmısınızsa, o zaman viza verilməməsi ehtimalı böyükdür. Həmçinin Böyük Britaniyaya da viza alınarkən ciddi şəkildə səyahət tarixçəsinə nazarət edilir. ABŞ-a viza almaq digər ölkələrlə müqayisədə daha çətindir. Buna səbəb ölkənin immiqrantların gəlişinin qarşısını almaq istəyidir. Viza imtinası alındığı təqdirdə, yaxşı olar ki, 3-6 ay fasilədən sonra yenidən müraciət edəsiniz. Lakin viza verilməsi qaydalarında hər hansı fasilə yoxdur. Amma bir ölkə vizadan imtina verdiyi təqdirdə, digər səfirliklər də viza verilməsindən imtina edirlər.”

Yaqut Ağaşahqızı, ”İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir