Xaçmazda gənclər arasında qanlı dava – Təfərrüat

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü İlqar İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kelbecertv.com teleqraf.com-a istinadən xəbər verir ki, İlqar İbrahimov 21 aprel 2018-ci il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Bostançı kəndində kafenin qarşısındakı küçədə Peyman Məmmədovdan siqaret istəyib.

Peyman Məmmədov ona siqaret verməkdən imtina edib. Buna görə onların arasında mübahisə yaranıb.

Peyman Məmmədov onu təhqir etməklə yaxasından tutaraq yerə yıxmağa cəhd edib.

Bundan əsəbiləşən İlqar İbrahimov qisas almaq niyyəti ilə Peyman Məmmədovu özündə olan bıçaqla qarın nahiyəsindən vurub. Peyman Məmmədov aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən İlqar İbrahimov həbs edilib.

İstintaq orqanı tərəfindən İlqar İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar İbrahimov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İlqar İbrahimov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

İlqar İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

İlqar İbrahimovun şikayəti təmin edilib və onun cəzası 2 ilə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir