Yeni dərs ilində 150 məktəbdə “Məktəblinin dostu” olacaq

Yeni tədris ilindən “Məktəblinin dostu” pilot layihəsinin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır.

Kelbecertv.com  Trend-ə istinadən xəbər verir ki, bunu layihənin rəhbəri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, “Məktəblinin dostu” pilot layihəsi hazırda 35 məktəbdə fəaliyyət göstərir:

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir. Bu gün Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsi başlayıb. İmtahanların keçirilməsində məqsəd 2019-2020-ci tədris ilindən əhatə dairəsi genişləndirilən “Məktəblinin dostu” pilot layihəsinə əməkdaşların seçilməsidir. İmtahanlarda iştirak etmək üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual (ümumi və psixoloji) təqdim edilib. Onların, əsasən Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiq sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar. Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” olacaq”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlərin aparılmasıdır.

Daha sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir