Yeni iş yerlərinin yaradılması dövlətin sosial siyasətinin prioritetidir

Prezident İlham Əliyev: “Biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq”

“Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz, təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik”. Bunu Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib. Dövlət başçısı bildirib ki, bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən, onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq: “Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına, bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq”.
Ölkə başçısı onu da qeyd edib ki, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun: “Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində, Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.

Verilən vədlər, uğurlu nəticələr…

Son 16 ilə nəzər yetirmək kifayətdir ki, Azərbaycan bundan sonrakı illərdə də ancaq və ancaq uğurlara imza atacaq. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında da vurğulayır ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək: “Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları, onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik”.
Bəli, bu gün də, sabah da, gələcəkdə də Azərbaycan bu uğurlu yolla gedəcək. Çünki bütün bu göstəricilər son illərdə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi islahatların və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir: “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik”.

“Yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilməlidir”

Ölkəmizdə əhalinin iş yerləri ilə təmin edilməsi kimi vacib sosial problemin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu proqramlara uyğun olaraq, regionlarda müasir infrastruktur yaradılmış, iqtisadiyyatın inkişafı təmin olunmuş və çoxsaylı yeni iş yerləri açılmışdır. Yeni iş yerlərinin yaradılması başqa bir vacib problemin müsbət həllinə şərait yaratmışdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da, gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam aradan qaldırılıb.
Dövlət başçısı keçirilən müşavirədə də bildirib ki, Azərbaycanda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycan əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.

Sahibkarlığın inkişafı – yeni iş yerlərinin yaradılmasına təkan verən amil

Digər əsas məqam isə, ölkəmizdə sahibkarlığın inkişafına dövlətin diqqət və qayğısıdır. Çünki sahibkalığın inkişafı yeni iş yerlərinin yaradılması probleminin həllində də mühüm rol oynayır. Məhz bu baxımdan, ölkə başçısı tərəfindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına yönəldilib. Əgər sahibkarlıq fəaliyyəti ilə bağlı bütün qanunları diqqətlə nəzərdən keçirsək, görərik ki, onların hər birində özəl sektorun inkişafı üçün güzəşt və imtiyazları, dövlət yardımını, o cümlədən, maliyyə dəstəyini nəzərdə tutan kifayət qədər müddəalar var. Ölkə Prezidenti yerli istehsalçıların dəstəklənməsi, iş adamlarına iqtisadi fəaliyyətə başlamaq üçün hər cür şəraitin yaradılması, vergi orqanları tərəfindən qeyri-qanuni və uzunmüddətli yoxlamaların, bəzi dövlət qurumlarında rüşvətxorluğun aradan qaldırılması, hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin dayandırılması, inhisarçılığın qarşısının alınması, sahibkarlığın inkişafı üçün kredit təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirdi və ötən 15 il ərzində, bu vəzifələrin ardıcıl olaraq, həyata keçirilməsini təmin etdi.
Artıq ölkəmizdə iş yerlərinin 75 faizinin, məhz özəl sektorun payına düşməsi və ÜDM-in 83 faizinin bu sektorda istehsal olunması sahibkarlığın iqtisadi inkişafda lokomotiv rolu oynadığını göstərir.

Yeni müəssisələr yeni iş yerləri deməkdir

Son illərdə Azərbaycanda dövlət dəstəyi ilə neçə-neçə müəssisə yaradılmasının şahidiyik. Bu müəssisələr həm yerli istehsalı gücləndirir, həm də yeni iş yerlərinin açılmasına xidmət edir. Keçən ilin sonunda dövlət başçımızın iştirakı ilə Sumqayıt Sənaye Parkında 4 müəssisə açıldı və 3 müəssisənin təməli qoyuldu. Bu il orada daha iki nəhəng zavod – “SOCAR Polymer” və azot gübrələri zavodları işə salınacaq. Bu zavodların tikintisinə 2 milyard dollara yaxın vəsait qoyulub. Hazırda Sumqayıt Kimya-Sənaye Parkında 17 rezident fəaliyyət göstərir. İndi ölkəmizin bölgələrində də belə zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkının işə salınması xüsusi qeyd edilməlidir. Mingəçevir Yüngül Sənaye Parkında 2 iplik fabrikinin istifadəyə verilməsi, ən azı 700-750 nəfərin işlə təmin edilməsi deməkdir.
Əlbəttə ki, Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılmasının təməlində dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar və təsdiqlədiyi dövlət proqramları dayanır.
Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir. Və qətiyyətlə bildirmək olar ki, Cənab İlham Əliyevin yeritdiyi kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.

RƏFİQƏ KAMALQIZI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir