Yüksək qiymətə layiq uğurlu nəticələr

Azərbaycanın 2019-cu ildə xarici siyasətinin yekunları:
Yüksək qiymətə layiq uğurlu nəticələr

2019-cu il ölkə həyatının əksər sferalarında olduğu kimi, xarici siyasət sahəsində də uğur və nailiyyətlərlə yadda qaldı. Azərbaycan 2019-cu ildə inkişaf yolunda daha uğurlu addımlar ataraq bu tərəqqinin 2020-ci ildə də yüksələn dinamika ilə davam etdirilməsi üçün sağlam baza yaratmış oldu.

Qeyd edək ki, bu il də ölkəmizin xarici siyasət kursunda əsas prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin davam etdirilməsi olub. Öncə xatırladaq ki, həm Qoşulmama Hərəkatının, həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıb. Eyni zamanda, Avropa İttifaqına üzv olan 28 ölkə, həmçinin Qoşulmama Hərəkatına üzv olmayan türkdilli ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Doğrudur, Prezident 2019-cu ili danışıqlar prosesi üçün itirilmiş il kimi səciyyələndirərək Ermənistan rəhbərliyinin bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgilədiyini,  beynəlxalq vasitəçilərin işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmədiyini əsas səbəb kimi göstərib. Amma bununla yanaşı, dövlət başçısı bu il danışıqlar formatının dəyişməməsini dövlətimizin  diplomatik nailiyyəti kimi qiymətləndirib.

Prezident İlham Əliyev bugünlərdə 2019-cu ilin yekunlarına dair yerli jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin dönməz və prinsipial mövqeyini bir daha qətiyyətlə bəyan edərək bildirib ki, biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.

2019-cu il həm də  Azərbaycanın xarici siyasətində Prezident İlham Əliyevin iki mühüm diplomatik triumfu ilə yadda qaldı. Belə ki, yola salmaqda olduğumuz ildə  Azərbaycan Prezidentinin  Ermənistanın baş naziri Nikol Paşinyana beynəlxalq tribunadan verdiyi sarsıdıcı cavab nəinki ölkəmizdə, bütövlükdə beynəlxalq arenada böyük rezonans doğurdu.

Azərbaycanın diplomatik leksikonunda “Valday nidası” kimi uğurlu ifadə ilə özünə yer edən məlum olay 2019-cu ilin oktyabrında Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında baş verib. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm fikrinə qarşı dövlət başçısı sözügedən beynəlxalq tədbridə “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” tarixi bəyanatı ilə çıxış etdi.

Azərbaycan liderinin sarsıdıcı nidasından özünə gəlməyə macal tapmamış Ermənistanın baş naziri növbəti diplomatik nokautla Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində qarşı-qarşıya qaldı. Belə ki, Azərbaycan Prezidenti Aşqabaddakı sammitdə  beynəlxalq terrorçu, erməni qaniçən, nasist Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl qoyanların iç üzünü ifşa etdi. Bununla da işğalçı  Ermənistanda həm də dövlət səviyyəsində terrorçuluq və faşizmə xidmət siyasətinin aparıldığını bir daha ortaya qoydu. Faşizmi ifşa edən bu tarixi çıxışdan az müddət keçdikdən sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi söküldü. Əlbəttə,  məlum lövhənin sökülməsi ilə ədalətin bərpa olunmasında Azərbaycan Prezidentinin bu mövzuda prinsipial mövqeyinin və sözügedən beynəlxalq tədbirdəki çıxışının önəmli rolu danılmazdır.

2019-cu ildə Azərbaycanın ənənəvi tərəfdaşlarla əlaqələri daha da yüksək müstəviyə qaldırıldı, xüsusilə regionda qonşuluq münasibətləri inkişaf etdirildi, qonşu  ölkələrlə  birlikdə bir sıra təşəbbüslərə imza atıldı, önəmli razılaşmalar əldə edildi.

Prezident İlham Əliyevin  yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi ətraflı  müsahibədə bu mövzuya da geniş yer ayrılıb. Dövlət başçısı son illər ərzində qonşu ölkələrlə əlaqələrimizin inkişafından söz açaraq bu münasibətlərin qarşılıqlı anlaşma və hörmət, qarşılıqlı maraqlar və bir-birinin daxili işlərinə qarışmama prinsipləri əsasında qurulduğunu və bu istiqamətdə tətbiq edilən müsbət formatı qeyd edib: “Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır”. Azərbaycan işğalçı  Ermənistan istisna olmaqla, bu il də öz qonşuları ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərini davam etdirib.  2019-cu ildə dövlətimiz qardaş Türkiyə, şimal qonşumuz Rusiya, eləcə də Gürcüstan və İranla  çoxtərəfli əlaqələrin inkişafı istiqamətində böyük nailiyyətlərə imza atıb. Yola salmaqda olduğumuz təqvim ilində hərbi-strateji müttəfiqimiz olan Türkiyə ilə birgə mühüm siyasi, iqtisadi, mədəni, hərbi layihələr reallaşdırılıb.

2019-cu ildə Azərbaycan -Rusiya münasibətləri yeni müstəviyə -hərbi-strateji müttəfiqlik səviyyəsinə qaldırılıb ki, bu da işğalçı Ermənistanda xof və dərin narahatlıq doğurmaqdadır. Yeri gəlmişkən, həm dövlət başçısı İlham Əliyevin, həm də respublikanın Birinci vitse-prezidenti Mehriban  Əliyevanın Rusiyaya builki rəsmi səfərlərinin bu ölkə ilə münasibətlərin inkişafında yeni səhifə açdığını vurğulamaq yerinə düşər.

Prezidentin də  qeyd etdiyi kimi, 2019-cu ildə Azərbaycanın  başqa ölkələrlə də  ikitərəfli əlaqələri inkişaf edib. Həm beynəlxalq tədbirlərdə, həm də ikitərəfli formatda iştirak etmək üçün 2019-cu ildə Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib ki, bu da əvvəlkilərlə müqayisədə rekord göstəricili il hesab olunur.

Xarici siyasət uğurlarımızdan söz açarkən bu il iki önəmli təşkilata-  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçdiyini vurğulamaq xüsusilə vacibdir. Bu il ölkəmiz həmin təşkilatların zirvə görüşlərinə ev sahibliyi edib.  Məlum olduğu kimi, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında aktiv rol oynayır və bir il ərzində quruma sədrlik edəcək.

Ölkəmiz, həmçinin 120 ölkənin verdiyi yekdil qərara əsasən BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat sayılan Qoşulmama Hərəkatına  3 il ərzində sədrlik edəcək. Azərbaycanın bu təşkilata sədrliyinin yekdil qərarla qəbul olunmasını Prezident İlham Əliyev yüksək dəyərləndirib: “Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır”.

2019-cu ili Avropa İttifaqı ilə münasibətlərin inkişafında da uğurlu hesab etmək olar. Bu il də Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurlu əməkdaşlıq davam etdirilib və Azərbaycan 28 ölkədən 9-u ilə strateji tərəfdaşlıq haqqında sənədlər  imzalayıb və qəbul edib. İl ərzində sözügedən  qurumla əlaqəli mühüm tədbirlər reallaşıb, ən önəmlisi isə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu ilin iyulunda  Azərbaycana rəsmi səfərə gəlib. Həmin səfər zamanı Donald Tuskun səsləndirdiyi “Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib… Prezident Əliyevlə apardığım müzakirələrdə mən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim” fikirləri ölkəmizin uğurlu xarici siyasət kursunun Avropa tərəfindən təqdirəlayiq qarşılandığının ifadəsi kimi yadda qalıb.

Prezident yerli jurnalistlərə müsahibəsində Azərbaycanın çevik və düşünülmüş xarici siyasət yürütdüyünü qeyd edib. Bu ilin xarici siyasət yekunlarına ümumi nəzər saldıqda, dövlət başçısının da bildirdiyi kimi, bu istiqamətdə yüksək qiymətə layiq uğurlu nəticələrin və nailiyyətlərin olmasının şahidi oluruq. Bu isə 2019-cu ilin uğurları üzərində başlayan 2020-ci ildə də xarici siyasət sahəsində yeni -yeni nailiyyətlərin  qazanılacağının qarantıdır.

Sevinc Abdullayeva, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir